"Ləğv edilmiş "Exchange"lər bərpa olunur" - AÇIQLAMALAR

17:05 | 13.04.2016

"Ləğv edilmiş "Exchange"lər bərpa olunur" - AÇIQLAMALAR

Maliyyə Bazarlarına Nəzarət Palatası valyutadəyişmə məntəqələrinin işinin bərpa edilməsi məsələsinə baxacaq. Bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti, "Rabitəbank”ın Müşahidə Şurasının sədri Zakir Nuriyev deyib. Onun sözlərinə görə, bu strukturun rəhbərləri ilə ABA üzvlərinin görüşündə müvafiq təklif palataya təqdim edilib.

 

Təklif palataya təqdim olunduqdan sonra valyuta dəyişmə məntəqələrinin fəaliyyəti yenidən bərpa olunacaqmı?

 

Bu sualı ANN.Az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov və iqtisadçı ekspert Samir Əliyev şərh etdilər.

 

"Valyuta dəyişmə məntəqələri yenidən bərpa olunacaqsa, müstəqil fəaliyyət göstərməlidirlər” – Vahid Əhmədov

 

 

Millət vəkili Vahid Əhmədov valyuta dəyişmə məntəqələrinin yenidən bərpa edilməsini məqbul sayır: "Amma bir şərtlə, yeni yaradılacaq valyuya dəyişmə məntəqələri müstəqil şəkildə fəaliyyət göstərməlidirlər. Yəni Mərkəzi Bankın və bankların tərkibində olmamalıdırlar. Ayrıca bir qurum kimi çalışmalıdırlar”.

 

Deputat valyuta dəyişmə məntəqələrinə çox ehtiyac yarandığını da qeyd etdi: "Bayram günlərində banklar çalışmadığı üçün ölkəyə gələn turistlər və pul dəyişmək istəyən yerli sakinlər çətin durumda qalıblar. Bu da valyuta dəyişilməsində ciddi problemə səbəb oldu. Yəqin bu durumları nəzərə alıb, məsələni gündəmə gətiriblər”.

 

"Valyuta dəyişmə bankomatları hamısından yaxşı idi. Bu bankomatlar daha çox effektliydi, nəinki digər üsullar. Əhali üçün çox rahat idi, hamı gedib rahat şəkidlə pulunu bankomatlarda dəyişə bilirdi. Onların sayının məhdud olmasına isə yəqin, yenidən baxılacaq. Maliyyə Bazarlarına Nəzarət Palatası qəti qərar qəbul etməyib, hələ məsələlərə baxılır. Ancaq mənim şəxsi fikrim daha çox valyuta dəyişmə bankomatlarının fəaliyyət göstərməsindən yanadır”, - deyə V.Əhmədov bildirdi.

 

"Qara bazarın qarşısı alına bilmirsə, ən yaxşı variant valyuta dəyişmə məntəqələrini bərpa etməkdir” – Samir Əliyev

 

 

İqtisadçı ekspert Samir Əliyevin fikrincə, hazırda gedən proseslər (informasiya axını, mətbuatda deyilən fikirlər) ona aparır ki, palata valyuta dəyişmə məntəqələrini yenidən bərpa edə bilər: "Ancaq Palatanın bu qərarı qəbul etməsi barədə indidən bir söz demək düzgün deyil. Valyuta dəyişmə məntəqələrinin ləğv edilməsinin səbəbi aydın idi. Güclü valyuta axını vardı. Nəhayət, valyuta dəyişmə məntəqələri bağlandı. Onun əvəzində isə qara bazar yarandı. Hökumətin işi qara bazarın qarşısını almaq idi. Amma bunu edə bilmədi. Bu gün faktiki olaraq qara bazar mövcuddur. Qara bazar valyuta dəyişmə məntəqələrinin işini həyata keçirir. Əgər bu bazarın qarşısı alına bilmirsə, ən yaxşı variant valyuta dəyişmə məntəqələrini bərpa etməkdir. Baş verən proseslər, bayram günlərində bankların işləməməsi onu göstərdi ki, valyuta dəyişmə işini bankların öhdəsinə buraxmaq düzgün deyil. Çünki banklar tək bayram günləri deyil, həftənin altıncı günü də işləmirlər, saat 6-ya kimi fəaliyyət göstərirlər. Bəzən elə olur bank filialları belə çalışmır. Halbuki valyuta dəyişmə məntəqələrində insanlar istədiyi vaxt pul dəyişə bilirdilər”.

 

İqtisadçı valyuta dəyişmə məntəqələrinin məhdud sayda olsa da yenidən qaytarılacağını proqnozlaşdırır: "Ola bilsin sayı əvvəl olduğu qədər olmasın, amma bərpa ediləcək”.

 

Ekspert valyuta dəyişən bankomatların məhdud sayda olmasının səbəblərini də açıqladı: "Bu barədə banklarla danışıqlar aparmışıq. Bizə bildirdilər ki, bu tipli bankomatlar effektiv işləmir. Yəni çox böyük texniki problemlər olur, pul qəbul edir, sonra çıxartmır. Öz işini görə bilmir. Əhali də valyuta dəyişən bankomatlara çox etibar etmir. Bununla yanaşı, belə bankomatlarda problem olduğu üçün bəzən onları satan şirkətlə bank arasında gərginlik yaşanır. Həmçinin bu tipli bakomatlar bahadı və xərcləri çoxdur. Bütün bu səbəblərə görə "exchange bankomatlar” valyuta dəyişmə məntəqələrini əvəz edə bilmədi”.

 

"Palataya bu barədə rəsmi müraciət olunmayıb"

 

Məsələ ilə əlaqədar Azərbaycan Banklar Assosiasiyası ilə əlaqə saxladıq. Banklar Assosiasiyasından ANN.Az-a verilən məlumata görə, valyuta dəyişmə məntəqələrinin yenidən bərpa edilməsi ilə bağlı təklif rəsmi şəkildə palataya verilməyib: "Palataya bu barədə rəsmi müraciət olunmayıb. Rəsmi müraciət göndərilərsə, hansı təkliflərlə veriləcəyini açıqlayacayıq”.

 

Orxan Aslanlı

 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM