Rasim Əliyevin valideynləri Bakı Şəhər Prokurorluğuna çağrıldılar-Video

16:58 | 23.10.2015
Rasim Əliyevin valideynləri Bakı Şəhər Prokurorluğuna çağrıldılar-Video

Rasim Əliyevin valideynləri Bakı Şəhər Prokurorluğuna çağrıldılar-Video

Bu ilin avqustunda döyülərək öldürülən ANN.Az xəbər portalının əməkdaşı Rasim Əliyevin valideynləri və vəkil Əsabəli Mustafayev Bakı Şəhər Prokurorluğuna çağırılıblar.

 

Vəkil Əsabəli Mustafayev ANN.Az-a bildirib ki, onlar Bakı şəhər prokurorunun müavini Azər Əsgərov və baş vermiş faktla bağlı qurumda yaradılmış istintaq qrupunun rəhbəri Kamran Məmmədovla görüşüblər.

 

Vəkil Əsabəli Mustafayev bildirib ki, bugünkü görüş zamanı istintaqın gedişatı barədə ona geniş məlumat verilmədiyini dedi: "Amma bəzi məqamlarla tanış olduq. İstintaq qrupunun rəhbəri Kamran Məmmədovla yenidən görüşəcəyik. Çünki artıq yeni vəsatətlər qaldıracayıq. Bu vəsatətlər Rasimin ilkin müayinəsini keçirən həkimlərlə, həmçinin mərhumun anasının yenidən dindirilməsi ilə bağlı olacaq. Çünki mərhumun valideynləri övladlarının vəfat etməsində həkimlərin də əli olduğunu bildirir və onların cəzalandırılmasını, eyni zamanda Rasimin xəstəxanaya qəbul edildiyi gün əməliyyat zamanı yol verilən səhvlərin araşdırılmasını tələb edirlər".

 

Vəkil daha sonra  hadisə günü çəkilən kamera görüntülərinin təqsirləndirilən tərəfə göstərildiyini, amma Rasim Əliyevin valideynləri və vəkillərinə nümayiş etdirilmədiyini dedi: "Bizə bildirdilər ki, bu görüntüləri mərhumun valideynləri də izləyəcək, amma bunun üçün vaxt lazımdır. Ekspertiza rəyinin 1 ay uzadılması məsələsinə gəlincə, görüşdə bunun istintaqın gedişindən asılı məsələ olduğunu dedilər”.

 

Rasim Əliyevin atası Məmmədli Əliyev ANN.Az-a açıqlamasında görüş zamanı onları narahat edən bir çox suallara cavab tapa bilmədiklərini vurğulayıb: "Məni valideyn olaraq maraqlandıran heç bir suala cavab tapa bilmədim. Ancaq istintaqın davam etdiyi, yaxın zamanlarda yekunlaşacağı haqda məlumat verdilər. Bir sözlə, heç bir yeni məlumata sahib ola bilmədim”.

 

Mərhum jurnalistin anası Teyfurə Əliyeva Rasim Əliyevi ilkin müayinə edən həkimlərlə bağlı məqamların araşdırılmamasından narahat olduqlarını dilə gətirib: "Həkimlərlə bağlı demək olar ki, heç bir yenilik yoxdur. Bizi narahat edən ən mühüm məsələlərdən biri hələ də həkimlərin cəzalanmamasıdır”.

 

Respublika Baş Prokurorluğunun mətbuat katibi Eldar Sultanov isə oktyabrın 20-dən Səhiyyə Nazirliyində faktla bağlı yaradılmış məhkəmə tibbi ekspertizanın rəyinin hazır olduğunu bildirib. ANN.Az-ın suallarını cavablandıran Eldar Sultanov eskpertiza rəyinin verilməməsi ilə bağlı xəbərlərin doğru olmadığını deyib: "Qətiyyən ola bilməz ki, işi aparan müstəntiq vəkilə bu haqda məlumat verməsin. Oktyabr ayının 20-dən ekspertiza rəyi istintaq qrupuna təqdim olunub. Bu gün artıq üç gündür ki, bu barədə məlumat var. Bununla bağlı mətbuata açıqlama da vermişik.  İnanmıram ki, müstəntiq bu haqda zərərçəkən tərəfin vəkilinə heç bir məlumat verməsin".

 

Mətbuat katibi həmçinin qeyd edib ki, iş üzrə cinayət prosesual  qanunverciliyin tələbinə uyğun olaraq tam şəkildə istintaq aparılıb: "Bu iş ölkə rəhbərliyinin nəzarəti altındadır və heç bir qeyri-obyektiv hərəkətlərə yol verilə bilməz".

 

ANN.Az portalının əməkdaşı Rasim Əliyev bir qrup naməlum şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib. Hadisədən 3 ay keçməsinə baxmayaraq jurnalist Rasim Əliyevin öldürülməsi ilə bağlı istintaq hələ də davam edir.

 


Orxan Aslanlı
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti