Rəsmi Bakı bu addımı atmayacaq - Ekspert

10:00 | 08.07.2015
Rəsmi Bakı bu addımı atmayacaq - Ekspert

Rəsmi Bakı bu addımı atmayacaq - Ekspert

Azərbaycanın AŞPA-nı tərk etməsi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı xeyrimizə qəbul edilən bəzi qətnamələrin üstündən xətt çəkə bilər.
 
Axar.az xəbər verir ki, bu barədə Avropa Şurası Parlament Assambleyasının 23 iyunda ölkəmizlə bağlı qəbul etdiyi tənqidi qətnamədən sonra AŞPA-ya üzvlük məsələsinin gündəmə gəlməsinə münasibət bildirərkən politoloq Elxan Şahinoğlu deyib.
 
"1996-cı ildən başlanan danışıqlar 2001-ci ildə tamamlandıqdan sonra Azərbaycan AŞPA-ya tamhüquqlu üzv olub. Bunun baş verməsi üçün Heydər Əliyev həm daxildə, həm də xaricdə intensiv danışıqlar aparmışdı, iqtidar komandası da müxalifəti sazişə imza atmağa razı salaraq, onların prosesə etirazını dəf edə bilmişdi. Heydər Əliyev AŞPA-ya üzv olarkən üzərinə siyasi məhbusların azad olunacağı öhdəliyini də götürmüşdü. Rəsmi Bakı üzvlükdən sonra bu şərti də yerinə yetirdi.
 
Heç bir dövlət AŞPA-dan könüllü olaraq çıxmayıb. AŞPA-da hər hansı ölkəni müəyyən səbəblərdən səsvermə hüququndan məhrum ediblər, ancaq çıxarılma proseduru həyata keçirilməyib. Hətta Rusiya bir neçə dəfə belə bir təhlükə ilə üzləşib. Birinci dəfə Çeçenistan müharibəsinə görə, ikinci dəfə isə Krımın işğalına görə səsvermə hüququndan məhrum edilib. Rusiya rəsmiləri bu qərarlarına görə AŞPA-nı tənqid ediblər, ancaq qurumu tərk etməyiblər”.
 
Politoloq rəsmi Bakının bəzi mühüm səbəblərə görə qurumu tərk etməyəcəyini söyləyib:
 
"Birincisi, Azərbaycan AŞPA-dan çıxarsa, bu təşkilatda Ermənistan fəaliyyətini davam etdirəcək. Bu isə o deməkdir ki, Ermənistan AŞPA-dakı lobbi fəaliyyəti nəticəsində Azərbaycan əleyhinə qətnamələr qəbul etdirmə şansı qazanacaq.
 
İkincisi, AŞPA Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın xeyrinə bir neçə qətnamə qəbul edib. Azərbaycanın AŞPA-nı tərk etməsi bu qətnamələrin üstündən xətt çəkə bilər.
 
Üçüncüsü, Azərbaycanın AŞPA-dan çıxması Azərbaycanın Avropadan uzaqlaşması demək olacaq. Onsuz da Azərbaycan Avropa Birliyi ilə assosiativ saziş imzalamadı. Bunun ardınca AŞPA-dan çıxarsa, Azərbaycan Avropa ölkəsi statusunu itirəcək.
 
Dördüncüsü, Azərbaycanın AŞPA-ya üzvlüyü balanslaşdırılmış xarici siyasət yürütməyə imkan verir. AŞPA-dan çıxmaq Azərbaycanı Rusiya ilə yaxınlaşmaq alternativi qarşısında qoya bilər. Bu variant isə Azərbaycanın milli və təhlükəsizlik maraqlarına cavab vermir”.
 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb