Tamar Lamparadze: “Bakıyla Tbilisi arasındakı ümumi cəhət – Mənəm!”MÜSAHİBƏ

18:58 | 15.09.2015
Tamar Lamparadze: “Bakıyla Tbilisi arasındakı ümumi cəhət – Mənəm!” – MÜSAHİBƏ

Tamar Lamparadze: “Bakıyla Tbilisi arasındakı ümumi cəhət – Mənəm!”MÜSAHİBƏ

ANN.Az istedadlı rəssam, jurnalist, Gürcüstan-Azərbaycan Mədəni Əlaqələri Assosiyasının prezidenti, "Humay” mükafatı və "Mehriban ana” qızıl medalının mükafatçısı Tamar Lamparadzedən müsahibə götürüb. Maraqlı söhbəti oxucularımıza təqdim edirik. 

- Tamar xanım, yaxud daha doğrusu kalbotono Tamar, sosial şəbəkələrdə belə xəbər yayılıb ki, Siz yeni layihə üzərində işləyirsiniz, amma bu dəfə fotoqrafiya sahəsində. Bu barədə ətraflı məlumat ala bilərikmi? 

- İlk növbədə mən sizə müsahibəyə görə təşəkkür edirəm və sizə gələcək işlərinizdə uğurlar arzu edirəm. 

Yeni layihəyə gəldikdə isə, o, "Ürəkdən gələn fotolar” adlanır. Mən sevimli Bakımı və sevimli bakılıları, azərbaycanlı fotoqraf Şahin Sərkərov isə Tbilisini və tbilisililəri çəkir. 
 


Biz Bakıda və Tbilisidə sərgi keçirmək istəyirik. Mənim hissəm "Bakım mənim, canım mənim”, Gürcüstan hissəsi isə "Tbiliso, şen genesvale” adlanacaq. Maraqlı kataloq yaradılacaq. Azərbaycanlı fotoqraf peşəkardır, mən isə özüm öyrənmişəm. Bilmirəm məndə alınacaq, ya yox, ancaq tamaşaçılara böyük sevgiylə çəkdiyim, ruhumu hopdurduğum işləri təqdim edəcəyimə söz verirəm. 
 


- Məşhur şəxslərdən kimləri çəkməyə müvəffəq olmusuz?

- Çoxlarını (gülür). Onların hər biriylə görüş mənim üçün bayram olub. Hələ ki, onların adlarını açıqlamayacam. Sadəcə gürcü personajları barədə danışa bilərəm. 
 


Şahin əfsanəvi gürcü kinoaktyoru, müğənni, ssenarist, Gürcüstan SSR-nin xalq artisti, Ukraynanın əməkdar artisti Bubu (Vaxtanq) Kikabidzenin şəkillərini çəkib. Bu çox mehriban görüş idi. Kikabidze bütün qəlbiylə Azərbaycanı sevir və hörmət edir və çəkiliş vaxtı biz də bunu hiss etdik. 
 

 
Tbilisidə biz çox maraqlı insanların qonağı olduq və hər bir fotosessiya süfrə arxasında başa çatdı. Biz Şahinlə işimizi davam etdiririk, bizim hələ qabaqda çoxlu maraqlı görüşlərimiz və çəkilişlərimiz var. 
 


- Tamar xanım, yəqin bu sual sizə tez-tez verilir, amma hər halda bir daha soruşaq, Gürcüstan-Azərbaycan Mədəni Əlaqələr Assosiyasının yaradılmasında məqsəd nəydi? 

- Bizim təşkilatımızın artıq 4 yaşı var. Onun yaradılmasında məqsəd iki ölkənin gənclərini Gürcüstan və Azərbaycan mədəniyyəti ilə tanış etmək idi. Mən Azərbaycanda gördüklərimi və hiss etdiklərimi gürcü xalqına da təqdim etmək istəyirdim. Digər tərəfdən isə Gürcü xalqının yaratdığı gözəllikləri də azərbaycanlıların bilməsini istəyirdim. Gürcülər Azərbaycan mədəniyyəti və incəsənətini çox sevirlər. Yeri gəlmişkən, onlar artıq işlərin üslubundan azərbaycanlı müasir rəssamların yaradıcılığını ayırd edə bilirlər...

Bilirsiniz, bunları ona görə etmirəm ki, bu, təşkilatın məqsədidir. Bu fəaliyyət mənim ürəyimcədir. Çox sevdiyim Bakıya gəlmək, sevdiyim şəhəri görmək mənə zövq verir. O mənə doğma vətən kimidir. Mənim burada çoxlu dostlarım var, mən onlara heyranam. Özüm də hiss edirəm ki, mən də onlar üçün doğmalaşmışam, artıq həyatımı onlarsız təsəvvür etmirəm. 

- Biz də elə sizi və Gürcüstanı sevirik. 

- Təşəkkürlər!

- Assosiyasiya mövcudluğu ərzində hansı tədbirləri həyata keçirib? 

- Biz Azərbaycan filmərini təqdim etmişik, azərbaycanlı rəssamların sərgilərini keçirmişik, Tbilisidə azərbaycanlı yazıçı və incəsənət xaimlərinin görüşlərini təqdim etmişik. Assosiasiya "Dədə Qorqud” mövzusu əsasında sərgi keçirib, Azərbaycanın xalq yazıçısı Anarın gürcü dilinə tərcümə edilmiş kitablarının təqdimat mərasimində iştirakına nail olmuşuq. 
 


Qeyd etməliyəm ki, bizim tədbirlərimiz Gürcüstandakı Azərbaycan səfirliyinin fəal dəstəyi əsasında həyata keçir. Səfir Azər Hüseynova, keçmiş mədəniyyət atteşesi  Qurban Abbaslıya və "SOCAR” şirkətinin rəhbərliyinə bu işlərə görə təşəkkür etmək istəyirəm. Azərbaycanın Gürcüstandakı səfirinin məsləhətçisi Şövqi Mehdizadəyə də xüsusi minnətdarlığımı çatdırıram. Onun patriotluğu və Gürcüstana hörməti bizim bütün tədbirlərimizin baş tutmasında özünü göstərib. 
Bu il Bakıda biz gürcü və azərbaycanlı rəssamların birgə sərgisini keçirdik. Məşhur azərbaycanlı rəssam Sakit Məmmədov və professor Rafiq Əliyevə bu incəsənət bayramlarının baş tutmasında göstərdikləri köməyə görə çox sağol deyirəm. Onlar hər zaman bizim yanımızdadırlar və bizi dəstəkləyirlər. 
 


- İctimai işlər sizin vaxtınızı hədsiz çox alsa da, Siz həm də rəssamsınız...

- Bir müddət mən qobelenlərlə məşğul oldum. Bütün gündüzləri və gecələri toxuyurdum. İndi mənim qobelenlərim xaricdə şəxsi kolleksiyalarda saxlanılır. Bu barədə çox yazıldı və televizorda göstərildi. Sonra mən özümü rəssamlıqda sınadım. İki il əvvəl məni Qəbələyə incəsənət festivalına dəvət etdilər, təşkilatçı xanım Ruhəngiz Heydərova idi. Naxçıvanda xanım Ülviyyə Həmzəyevanın təşkil etdiyi sərgi də mənimçün unudulmaz oldu. 
 


- Sizin kimi rəssamlar olub, yox biz Sizi bu cərəyanın ilk nümayəndəsi saymalıyıq?

- Mən peşəkar deyiləm, özüm öyrənmişəm. Mən rəsm çəkməyi sevirəm və çəkirəm. Ümumiyyətlə, mən hər zaman ürəyim istəyəni edirəm. Valideynlərim rəssam olmasalar da, onların əlindən bir çox işlər gəlirdi. Məsələn, nənəm mənə mahnı oxumağı öyrətmişdi. 

- Deməli, siz hətta oxuya bilirsiniz?

- Demək olar ki, hə. Mən bunu sadəcə ruhum üçün edirəm, yeri gəlmişkən, bir neçə Azərbaycan mahnısını da oxuya bilirəm. 

- Doğurdan? Bu ki, əladır! Ümid edirəm nə vaxtsa sizin mahnınızı dinləməyə müvəffəq olacam...

- Azərbaycanlılar demişkən: "İnşallah”

- Siz beynəlxalq mədəniyyət qurumu "Bakılıların” təqdim etdiyi məşhur "Humay” mükafatına layiq görülmüsünüz. Bu, sizinçün nə deməkdir? 

- Bu mükafatın önəmi mənimçün böyükdür. Mükafatın təsisçisi, möhtəşəm insan Fikrət Zərbəliyevə böyük hörmətim var. "Bakılılar” cəmiyyətinin məni mükafatlandıracağı xəbərini eşidəndə, bütün gecəni yatmamışdım. Mən mədəniyyətlərarası əlaqələrin möhkəmləndirilməsi sahəsindəki xidmətlərimə görə təltif edilmişdim, rejissor Oqtay Mirqasımov mükafatı mənə təqdim etmişdi. Mən sadəcə sevincimdən uçurdum (gülür). 
 


- Siz həmçinin "Mehriban ana” qızıl medalının mükafatçısınız...

- Bəli, bu mənimçün çox xoşdur. Biz "Dədə Qorqud”un şərəfinə böyük tədbir təşkil etmişdik. Məni mükafatlandırmaq üçün "Dədə-Qorqud” fondunun vitse-prezidenti, "Azərbaycan dünyası” jurnalının baş redaktoru Eldar İsmayılov şəxsən Tbilisiyə təşrif buyurmuşdu. Məni "Mehriban ana” medalına layiq bildiyinə görə ona təşəkkür edirəm. 
 


- Bəs gələcəkdə hansı layihələri reallaşdırmağı planlaşdırırsız? 

- Mən "Azərbaycanlılar gürcü mahnılarını, gürcülər Azərbaycan mahnılarını oxuyurlar” mövzusunda mahnı festivalı keçirmək istəyərdim. Arzularımdan biri də odur ki, Tbilisidə azərbaycanlı caz bəstəkarı və pianoçusu Vaqif Mustafazadənin piano çaldığını əks etdirən abidə qoyulsun və abidənin olduğu park "Sevgi parkı adlandırılsın. Caz-muğamın musiqisinin çalındığı parkda əl-ələ tutub gəzən sevgililər dahi azərbaycanlı musiqiçini və onu gürcü xanımını xatırlasalar necə də gözəl olar. Mənim çoxlu ideyalarım və arzularım var, həyatımın mənası onları reallaşdırmaqdır.  

- Mümkünsə Beynəlxalq Mənəvi Koodinasiya və İnteqrasiya İnstitutundakı fəaliyyətiniz barədə də danışardınız...

- Mən fizik-kibernetik, akademik Quram Koradzenin qurduğu institutun təsisçilərindən biriyəm. Biz müxtəlif məsələlər ətrafında çalışırıq: fəlsəfə, siyasət, elm, din və s. Maraqlı görüşlər, söhbətlər keçiririk, elm adamları mühazirələr oxuyur, qəzet də buraxırıq, redaktoru özüməm. İnstitutumuz insanı irqindən, millətindən, dinindən, cinsindən və elmi dərəcəsindən ayrı tutur. 

- Boş vaxtlarınızda nə edirsiniz? 

- Demək olar ki, asudə vaxtım yoxdur (gülür). İki oğlan övladı anasıyam, onların qayğısına qalmağı sevirəm. Əlbəttə ki, "Facebook”u unutmuram, orada dünyanın müxtəlif künc-bucaqlarında olan dostlarımla ünsiyyət qururam. Hər gün çox sayda gözəl məktublar alıram. Onların heç birisi cavabsız qalmır (gülür). 
 


- Sizcə, Bakı və Tbilisi arasındakı ümumi cəhət nədir?

- Siz yəqin ki, mənim bu iki xalqın malik olduğu müsbət keyfiyyətlər, qonaqpərvərlik, həyatsevərlik, sevinc, temparement və s. barədə danışmağımı gözləyirsiz. Ancaq mən sizə bunu deyəcəm: Bakı və Tbilisi arasındakı ümumi cəhət – mən özüməm (gülür)!

- Tamar xanım, çox maraqlı söhbətə görə sizə təşəkkür edirik. Sizə maraqlı layihələr və gələcək fəaliyyətinizdə uğurlar arzu edirik. 

- Minnətdaram!

Söhbətləşdi: Rüstəm Qasımov
 





www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM