Yeni parlamentin “intizarda olan” bu sənədlərə baxacağı gözlənilir - SİYAHI

13:00 | 11.02.2020
Yeni parlamentin “intizarda olan” bu sənədlərə baxacağı gözlənilir - SİYAHI

Yeni parlamentin “intizarda olan” bu sənədlərə baxacağı gözlənilir - SİYAHI

Fevralın 9-da Milli Məclisə növbədənkənar seçkilər keçirilib. Mərkəzi Seçki Komissiyası seçkilərin ilkin nəticələrini açıqlayıb.

Yeni parlamentin qarşısında duran çağırışlardan biri də yarımçıq qalan sənədlərə baxmaqdır.

Oxu.Az əvvəlki çağırışdan qalan qanun layihələrinin siyahısını təqdim edir.

Həmin sənədlərdən biri Rəqabət Məcəlləsi ilə bağlı qanun layihəsidir.

Rəqabət Məcəlləsi 2006-cı ildə Prezident tərəfindən Milli Məclisə təqdim edilib. Qanun layihəsi iki oxunuşdan keçsə də, üçüncü oxunuşa çıxarılmayıb.
"Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi də yarımçıq qalan sənədlər siyahısındadır. 

Əvvəllər sənəddə yer alan surroqat ana və sperma bankı məsələsinə cəmiyyət sərt reaksiya verib.

Bir zamanlar qanun layihəsinin qəbuluna Qafqaz Müsəlmanları İdarəsi (QMİ) mane olub. İdarənin təklif və iradları nəzərə alınaraq, mübahisə doğuran məsələlər layihədən çıxarılıb. 

Eyni zamanda, QMİ-nin təklifləri götür-qoy edildikdən sonra bütün müsəlman ölkələrinin təcrübəsi öyrənilib. Hazırda QMİ qanun layihəsinin qəbuluna heç bir etiraz etmir.

"Azərbaycan Respublikasının işğal edilmiş əraziləri haqqında” qanun layihəsi də "gözü yol çəkən” sənədlərdəndir.

Qanun layihəsi 12 maddədən ibarətdir. Sənəd Gürcüstanın işğal altında olan ərazilərlə bağlı qanunvericilik bazası əsasında yaradılıb.

Sənəddə Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin hüquqi statusu müəyyən olunub. Həmin ərazilərə xarici ölkə vətəndaşlarının daxil olması, şirkətlərin fəaliyyət göstərməsinin qanunsuz olması əksini tapıb.

"Təhsil kreditləri haqqında” qanun layihəsi də qəbul olunmayanlar sırasındadır.

Qanun layihəsi bir neçə il bundan əvvəl Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunub. Lakin orada bir məsələ ilə bağlı fikir ayrılığı yaranıb ki, bu da bank faizləri ilə bağlıdır.

"Turizm haqqında”qanun layihəsi də qəbul edilməyənlər cərgəsindədir.

"Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı İşçi Qrup yaradılsa da, bu sənəd hələ qəbul edilməyib.

2019-cu ilin fevralında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Avropa İttifaqının Bakıdakı nümayəndəliyi və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən ictimaiyyət nümayəndələrinin iştirakı ilə "Qida təhlükəsizliyi haqqında” qanun layihəsinin ictimai müzakirəsi keçirilmişdi.

Qabaqcıl beynəlxalq təcrübəyə əsaslanan qida təhlükəsizliyi sisteminin qurulması, ölkədə istehsal edilən qida məhsullarının xarici bazarlara ixracının asanlaşdırılması qanun layihəsində öz əksini tapıb.

Həmçinin, istehlakçıların hüquqlarının qorunması və digər məsələlər qanun layihəsində vurğulanır. Lakin sənəd Milli Məclisdə qəbul olunmayıb.
"Lombardlar haqqında” qanun layihəsi ikinci oxunuşdan keçsə də, hələ də təsdiqlənməyib.  

Sənəddə lombardlar tərəfindən kreditlərin verilməsi və əşyaların saxlamaya qəbul edilməsi məsələləri öz əksini tapıb. 

Habelə lombardlar tərəfindən həyata keçirilən fəaliyyətin nizamlanması və ona nəzarət ilə bağlı münasibətlər tənzimlənir. 

Layihəyə görə, lombard öz vəsaiti hesabına girov qoyulmuş və ya saxlamaya qəbul edilmiş əşyaları digər risklərdən sığortalaya bilər.

Lombardın girov qoyulmuş və ya saxlamaya qəbul edilmiş əşyadan istifadə etmək, ona dair sərəncam vermək və ya onu dəyişdirmək hüququ yoxdur.

Müştəri kredit müqaviləsinin bağlanılmasından əsassız imtina edən lombarda qarşı məhkəməyə müraciət edə bilər. Lombard tərəfindən təminatsız kredit verilə bilməz.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb