Smartfonların dünya üzrə satışı 3 faizdən çox artıb

"Strategy Analytics” şirkəti 2016-cı ildə smartfon tədarükünün həcmi ilə bağlı tədqiqatının nəticələrini dərc edib.
İKT.lent.az-ın "svopi.ru” saytına istinadən məlumata görə, mütəxəssislər bildirib ki, "ağıllı” telefonların satışları rekord 1,49 milyard ədəd həddə çatıb. 2015-ci illə müqayisədə tədarükün həcmi 3 faizdən çox artıb.
2016-cı ilin nəticələrinə əsasən, tədarükün həcminə görə lider mövqedə 309,4 milyon ədəd smartfon satışı ilə Cənubi Koreyanın "Samsung” konserni qərarlaşıb. "Samsung”un bazardakı payı 22,8 faiz təşkil edib.
İkinci mövqeni "Apple” korporasiyası tutur. Şirkət 215,4 milyon ədəd smartfon satışı ilə 15,30 faiz bazar payına malikdir. Hər iki tədarükçü ümumilikdə 525 milyon ədəd smartfonun satışına nail olub.
Liderlərin üçlüyünü Çinin "Huawei” korporasiyası qapayır. Şirkətin ümumi satış həcmi 138,8 milyon ədədlə 9,6 faiz bazar payına malikdir. Ən çox satılan smartfonların ilk top beşliyinə isə Çinin "Oppo” (7,2 faiz) və BBK/Vivo (6 faiz) şirkətləri daxildir.
Mütəxəssislər gözləyir ki, 2017-ci ildə Çin smartfonlarının bazarı 50 faizə qədər artacaq. 2016-cı ildə onların bazar payı 40 faiz olub. Həmçinin analitiklər "Samsung”un satışının düşəcəyini proqnozlaşdırırlar - 2017-ci ildə smartfonlar bazarına artıq fevralda təqdimatı olacaq "Nokia P1” yeniliyi ilə "Nokia” brendi də qayıdacaq.
www.ann.az
Son xəbərlər 
Daha çox 























