“Britaniya və İrlandiyanın tarixi” Azərbaycan dilində nəşr olunub

"TEAS Press” Nəşriyyat evi tərəfindən çap olunmuş 400 səhifəlik illüstrasiyalı soraq kitabı Britaniya adalarının ilk insan məskənlərindən, ilk britaniyalılardan, Daş dövründən başlayaraq müasir günümüzə qədərki tarixi əks etdirir.
"TEAS Press”dən APA-ya verilən məlumata görə, kitab Britaniya tarixinə dair fundamental nəşrdir. Kitabda Britaniya adalarının bir neçə minillik tarixi, britaniyalıların yaratdığı zəngin mədəniyyət, onların sosial-iqtisadi həyatı, ənənələri, dövlətçiliyin inkişaf pillələri, bu qüdrətli imperiyanın yaranma, çiçəklənmə və tənəzzül mərhələləri geniş işıqlandırılır: "Kitabda həmçinin orta əsrlər kilsə quruculuğundan və Yelizaveta dövrünün mədəni intibahından tutmuş Viktorian dövrü sənayesinə və qüdrətli Britaniya imperiyasının yaranmasına qədərki zəngin irs araşdırılır. Altı fəsildən ibarət olan "Britaniya və İrlandiyanın tarixi” kitabını Britaniyanın şəkilli ensiklopediyası da adlandırmaq olar. Buradan Britaniyaya dair hər şey və hər kəs haqda məlumat əldə etmək mümkündür. Britonlardan və ilk işğallardan Marqaret Tetçerə və məşhur universitetlərə, futboldan və cazdan sənaye inqilabına və parlamentarizm ənənələrinin bərqərar olmasına qədər bir çox rəngarəng mövzuları əhatə edən kitabda kral və kraliçaların şəxsi həyatı, saray intriqaları, edamlar və siyasi qətllər, imperiyanın müstəmləkəçilik siyasəti, kilsənin cəmiyyətdəki rolu, britaniyalıların qələbələri və məğlubiyyətləri, sadə xalqın məişəti, zadəgan silkinin dəbdəbəli əyləncələri, sosial münaqişələr barədə maraqlı məlumatlar əldə etmək mümkündür”.
Britaniyalı müəlliflər kollektivinin çoxillik araşdırmalarının məhsulu olan kitab tarixçi-alimlər, tədqiqatçılar, habelə Britaniyanın tarixi, mədəniyyəti, iqtisadiyyatı və ictimai-siyasi həyatı ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
www.ann.az
























